çərşənbə 28 may 2025 - 21:45
Qərb festivallarında anti-İran filmlərinin seçilməsinin sirri nədədir?

Kann və Oskar kimi festivallar uzun illərdir ki, İran əleyhinə və Şərq əleyhinə qara təbliğat xarakteri daşıyan filmləri ön plana çıxarır, halbuki Qərbi tənqid edən əsərlər ya görməzdən gəlinir, ya da ümumiyyətlə yarışmadan kənarlaşdırılır. Bu tendensiya, Qərbin qlobal kinoya öz ideoloji baxışlarını və hegemon hekayələrini sırımaq üçün siyasi vasitə olaraq bu festivallardan istifadə etməsindən başqa bir şeydirmi?

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Kann kimi festivallarda müəyyən filmlərin seçilməsi daim müxtəlif müzakirə və təhlillərin mövzusu olmuşdur. Xüsusilə İran kimi ölkələrə qarşı "qara təqdimat" (yəni mənfi və qərəzli təsvirlər) kimi dəyərləndirilə biləcək filmlərin seçilməsi, beynəlxalq münasibətlərdə gərginlik və ictimai şüurun formalaşmasında ciddi çağırışlara səbəb olur. Bu məsələ sənətin siyasət və ideologiya ilə necə qarşılıqlı təsirə malik olduğunu da gündəmə gətirir.

Media üzrə tədqiqatçı və ekspert, Höccətül-İslam Əli Qəhrəmani, rəsmi Hövzə Xəbər Agentliyinə verdiyi müsahibədə, Kann Festivalı və İrana qarşı yönəlmiş qara təqdimatlı filmlərlə bağlı tənqidlər haqqında aşağıdakı suallara əhatəli və təhlil yönlü cavablar verib:

1. Sizin media sahəsindəki fəaliyyətinizə əsaslanaraq, Kann 2025 festivalı və orada İrana qarşı yönəlmiş filmlərin seçilməsi ilə bağlı qiymətləndirməniz nədir?

2. Sizcə, Kann kimi festivalların bu cür filmləri seçməkdə əsas məqsədi nədir? Bu, yalnız sənət baxımından qiymətləndirilirmi, yoxsa siyasi və ideoloji məqsədlər də bu seçimlərdə rol oynayır?

3. Nə üçün bəzi iranlı rejissorlar "qara təqdimat" xarakterli filmlər çəkməyə üstünlük verirlər? Bu sahədə onları motivasiya edən səbəblər nələr ola bilər?

4. Kann festivalının münsiflər heyətinin sədri Cəfər Pənahiyə etiraf edib ki,  "Qızıl Palma" mükafatı onun filminin estetik və kino dili baxımından yox, daha çox siyasi mövqeyi və şəxsi həyatı səbəbilə verilib. Bu barədə sizin fikriniz nədir? Sizcə, bu incəsənətdən siyasi məqsədlər üçün istifadə edilməsinin göstəricisidirmi?

5. Bir media tələbəsi olaraq İranda film çəkmək istəyən gənc rejissorlara nə kimi tövsiyələriniz var?

Media üzrə tədqiqatçı və ekspert Höccətül-İslam Əli Qəhrəmaninin cavabı:

Oskar və Kann kimi nüfuzlu mükafatlar Qərb və qeyri-Qərb əsərlərinin müqayisəsində ikili standartlar

Oskar və Kann Qızıl Palma kimi nüfuzlu beynəlxalq kino mükafatları, qərb və qeyri-qərb əsərlərinin müqayisəsində çox zaman qərbli rejissorlara öz cəmiyyətlərinə aydın və pozitiv baxış sərgilədiklərinə görə təqdim olunur.

Bu yanaşma, əsasən “Amerika həyat tərzi”, “Amerika arzusu” və ya onun Avropa variantları çərçivəsində olan filmləri dəyərləndirir və onları ön plana çıxarır. Bu cərəyanın müəyyən ideoloji komponentləri var.

Qərb mükafatları və ideoloji üstünlüklər

Bu komponentlər arasında xüsusilə “böyük günahlar” (məsələn, homoseksualizm kimi) daha çox diqqət çəkir. Belə mövzuları əhatə edən filmlər beynəlxalq arenada daha çox görünürlük və mükafat əldə etmək şansı qazanır. Bu tendensiyaya Avropa və Amerika aktyorları da müxtəlif müsahibələrində işarə ediblər.

Əksinə, digər ölkələrdən təqdim olunan filmlər ancaq o zaman diqqət çəkir ki, ya öz cəmiyyətlərinə dair ciddi "qara təqdimat" (yəni mənfi təsvir) aparsınlar, ya da Qərb həyat tərzinin oyun qaydalarına uyğun oynasınlar.

Məsələn, cənab Əsgər Fərhadinin bəzi filmləri  xüsusilə İran cəmiyyətinin mənfi tərəflərini vurğulayan filmlər dəfələrlə mükafat alıb və ya namizəd göstərilib. “Nadir və Simindən ayrılıq” filmi buna nümunədir. Amma onun "keçmiş" adlı filmi  xaricdə yaşayan iranlıların həyatını tənqid etsə də Qərb meyarlarına daha uyğun gələn, homoseksual münasibətləri təsvir edən Əbdüllətif Keşişin “Adilin Həyatı” filmi ilə yarışda uduzdu.

Əslində, hansı film Qərb ideallarını və həyat tərzini daha yaxşı əks etdirə bilirsə və bu ideoloji çərçivəyə uyğun hərəkət edirsə, həmin film qalib sayılır.

Sənət və media: tək tərəfli müqəddəsləşdirmənin əsarətində

Qərb siyasətlərinin formalaşdırdığı bu kino mühiti, daim Qərbi “cənnət”, digər ölkələri isə “cəhənnəm” kimi təqdim etməyə əsaslanır. Bu isə estetik baxımdan parlaq görünən, amma ideoloji olaraq birtərəfli bir sistemin hökm sürdüyünü göstərir.

Sanki Qərb mərkəzində böyük bir qüllə dayanır və bütün baxışlar ora yönəlməlidir. Hər kəs bu qülləni gözəl və ideal hesab etməlidir. Əgər kiminsə bu qülləyə tənqidi yanaşması olarsa, o zaman ya kəskin tənqidə məruz qalır, ya da heç bir mükafat almır, hətta tamamilə bu sahədən kənarlaşdırılır.

Sual verməyə dəyər: görəsən, hansı rejissorlar, prodüserlər və media əsərlərinin yaradıcıları Qərbi tənqid edərək və Qərbin bu gün dünya mediasına istər vizual, istərsə də digər kommunikasiya vasitələrinə kölgə salan xəyallarını və ideallarını sual altına alaraq beynəlxalq mükafatlar qazana biliblər?

Qərb adətən özünü müqəddəsləşdirən baxış bucağından fərqli alternativ baxışlara incəsənət və media sahəsində nə görməyə, nə də eşitməyə imkan vermir.

Tənqidi yanaşmalara qarşı dözümsüzlük, hətta öz məşhur aktyorlarının kənarlaşdırılması, onları mediadan uzaqlaşdırmaq və onlara qarşı hüquqi proseslər başlatmaq kimi addımlar, Qərb narrativlərinin idarə olunması və standartlaşdırılması üçün atılan səylərin göstəricisidir. Bu, əslində müxalif səslərin susturulması deməkdir.


Bu kontekstdə İran rejissoru Səid Rustayinin əsərləri diqqətəlayiq nümunələrdəndir. Onun iki filmi beynəlxalq festivallarda seçilərək mükafatlandırılıb. Hər iki film İran cəmiyyətinin qara və mənfi tərəflərini ön plana çıxaran təsvirlər təqdim edir.

Rustsyi bu filmlərdə elə bir təsvir yaratmağa çalışır ki, sanki bu problemlər yalnız İrana xasdır. Halbuki qeyd etmək lazımdır ki, bu cür sosial problemlər təkcə İranda deyil, bir çox digər ölkələrdə, o cümlədən Qərbdə də mövcuddur.


Məsələn, Tunis əsilli fransız rejissor Əbdül Lətif Keşiş, Qərb kino arenasının estetik və ideoloji meyarlarına uyğun şəkildə hərəkət edərək Əsgər Fərhadinin “Keçmiş” filmi ilə rəqabət aparmış və nəticədə onun filmləri beynəlxalq arenada daha çox mükafat qazanmışdır.

Bu hal da bir daha göstərir ki, Qərb mükafatları əslində bədii dəyərdən çox, ideoloji uyğunluq əsasında verilir hansı film Qərb dəyərləri ilə daha çox rezonans doğurursa, o da daha çox diqqət və təqdir qazanır.

Qərb festivallarında anti-İran filmlərinin seçilməsinin sirri nədədir?

Mükafat naminə “qara təqdimat”: öz cəmiyyətini tənqid etmək  nüfuzlu festivallara girişin açarı!

Məsələn, Cənubi Koreya kino arenasinda  hansı ki, bir növ Amerika Birləşmiş Ştatlarının mədəni müstəmləkəsi kimi çıxış edir  genişmiqyaslı əməkdaşlığa və Amerikanın media-əyləncə industriyası ilə sinxron hərəkətə baxmayaraq, çox nadir hallarda Koreya cəmiyyətini pozitiv işıqda təqdim edən filmlərə rast gəlinir.

Mükafat alan filmlər arasında, məsələn, “Parazit” (Parasite) filmi var ki, Oskar və digər beynəlxalq mükafatlara layiq görülüb. Lakin bu film Koreya cəmiyyətini kəskin şəkildə tənqid edən, sosial parçalanma və ədalətsizliyi ön plana çıxaran bir əsərdir. Bu cür yanaşma digər ölkələrin kinematoqrafiyasında da müşahidə olunur.

Bu tendensiyadan belə anlaşılır ki, beynəlxalq nüfuz qazanmaq istəyən sənətçilər ya günaha batmış, anti-mədəni mövzulara əl atmalı, ya da öz cəmiyyətlərini qaranlıq və mənfi şəkildə təsvir etməlidirlər. Yalnız bu halda, onların beynəlxalq festival və akademiyalardan mükafat almaq şansı olur. Əks halda, Oskar, Kann Qızıl Palma və digər nüfuzlu mükafatlar qərbdən kənar sənətçilərə verilməz.

Hətta Qərb daxilində belə, əgər bir sənətçi Qərbi ciddi və fundamental şəkildə tənqid edirsə, yaxud Qərbin “müqəddəs hesab edilən dəyərlərinə”, məsələn, homoseksuallıq və ya liberal, zəngin amerikalıların həyat tərzinə qarşı çıxış edirsə, bu zaman həmin şəxs sadəcə mükafat ala bilməməklə kifayətlənmir, eyni zamanda müəyyən məhdudiyyətlərlə və peşəkar təzyiqlərlə üzləşə bilər.

Bu, o qədər yayılmış bir praktikadır ki, hətta tanınmış Qərb aktyorları belə, bu cür “qırmızı xətləri” keçdiklərinə görə səhnədən uzaqlaşdırılmış, layihələrdən çıxarılmış və ya məhkəmə proseslərinə cəlb edilmişlər.

Bu təhlil, müasir kino sənayesinin bədii azadlıqdan çox ideoloji uyğunluğa əsaslandığını, və mükafatlandırma mexanizmlərinin əslində mədəni hegemonluq alətinə çevrildiyini göstərir.

Kinematik yenilik siyasiləşmənin qurbanı olduqda.

Mənim tövsiyəm budur ki, Qərbi olduğu kimi tanıyaq; Qərbdən hər hansı bir şəxsin yerli bir sənətçini dəstəkləməsini səmimiyyət və ya sənətçinin yüksək bacarığı ilə izah etmək safdillikdir. Çünki tez-tez görürük ki, güclü və yenilikçi filmlər rədd edilir, amma nisbətən zəif və ya ideoloji baxımdan uyğun filmlər mükafatlandırılır.

Məsələn, “Avatar” filmini nəzərdən keçirək. Bu film öz texniki yenilikləri, vizual effektləri və güclü rejissorluğu ilə seçilsə də, bəzi daha zəif filmlərlə müqayisədə arxa planda qaldı. Bu uğursuzluğun səbəblərindən biri, filmin Amerika ordusunun militarist və qeyri-insani davranışlarına qarşı sərt tənqididir.

Filmdəki Navi xalqı, əslində Amerikanın yerli qırmızıdərili xalqlarının simvolik təcəssümüdür yəni istismar və zorakılığa məruz qalan yerli cəmiyyətlər. Filmdəki bu metaforik yanaşma, hakimiyyətin və sərvətin çirkin simasını ifşa edir.

Amma doğrudanmı bu cür tənqidlərə beynəlxalq nüfuzlu festivallarda yer verilir?

Reallıq odur ki, mükafatlar çox vaxt Qərbin ideallarını və xəyallarını təbliğ edən filmlərə verilir. Yəni, tamaşaçının qarşısında estetik və idealizə edilmiş bir dünya canlandırılır. Beləliklə, bir sənətçiyə mükafat verildikdə, əslində auditoriyaya bu mesaj ötürülür: "Əsas mədəniyyətin müəyyən etdiyi xəyallar və dəyərlər istiqamətində hərəkət etməlisiniz."

Bu şəraitdə, hakim güc, sərvət və siyasi sistemlərlə bağlı edilən ciddi suallar və tənqidlər ya görməməzlikdən gəlinir, ya da səhnədən tamamilə çıxarılır. Bu meyillər isə kino festivallarının mükafatlandırma siyasətində açıq-aşkar özünü göstərir.

Özünü alçaltmaq sənəti,  yoxsa öhdəlikli sənət? Mükafatla milli kimlik arasında seçim

Müasir sənət və mədəniyyət mühitində, bəzi sənətçilər öz cəmiyyətlərini mənfi və qaranlıq tərəflərlə təqdim etməklə diqqət çəkməyə çalışırlar. Bu tendensiya xüsusilə sosial şəbəkələrdə, o cümlədən instagram platformasında özünü aydın şəkildə göstərir.

Əgər bu məzmunların dərinliyinə baxsaq, əhəmiyyətli bir qisminin özünü lağ obyektinə çevirmək və özünütəhqir üzərində qurulduğunu görə bilərik. Bu cür yanaşmada sənət artıq maarifləndirici və yüksəldici bir vasitə deyil, əksinə, saxta rəqabətlər və mənəvi degenerasiyanı bəsləyən bir alətə çevrilir.

Buna baxmayaraq, hələ də ictimai dəyərlərə sadiq qalan, mədəniyyətini yüksəltməyə çalışan sənətkarlar mövcuddur.

Məsələn Hadi Çupan, bu yanaşmanın canlı nümunələrindən biridir. O, öz zəhməti, fədakarlığı və milli kimliyinə bağlılığı ilə cəmiyyətə mühüm bir mesaj verir:

 “Biz bu ölkədə böyümüşük və əgər bir yerə çatmışıqsa, bu torpağın şəraiti və imkanları sayəsində olub.”

Bu sözlər, mədəni və tarixi irsimizə hörmət göstərməyin, ona sahib çıxmağın və gələcək nəsillər üçün daha yaxşı bir dünya qurmağın zəruriliyini vurğulayır. Bu, tövhidə əsaslanan bir baxış tərzidir və bu torpağın sənətində və ədəbiyyatında dərin köklərə malikdir.


Əgər həqiqi bir bədii mövqe tutmaq istəyiriksə, təhrif və tənqid yox, quruculuq və inkişaf yolunu seçməliyik. Çünki həqiqi inkişaf, xalqın kimliyini və mədəni dəyərlərini tanıyaraq, onları müasir forma ilə yenidən inşa etməkdən keçir.

Dəyərli və möhkəm şəxsiyyət sahibli insanlar, öz rifahlarını və uğurlarını cəmiyyətlərini alçaltmaqla yox, onu yüksəltmək üçün göstərdikləri səmimi səylərlə əldə edirlər.

Əks halda, öz mənəviyyatını itirmiş, başqasını aşağılayaraq yüksəlməyə çalışan fərdlər nəinki özlərini, bütöv cəmiyyəti mənəvi çökməyə sürükləyirlər.

Sonda seçim bizə məxsusdur: Viranəçilik və dəyərlərin tənəzzülü, yoxsa inkişaf və mədəni yüksəliş?

Bu sualın cavabı bizim iradəmizdədir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha