şənbə 14 iyun 2025 - 19:16
Müqəddəs Nəcəf şəhərinin cümə imamı bəyan etdi ki, İraq İranın yanında dayanacaq; bu döyüş coğrafiya və ya etnik kimlik savaşı deyil, İslamın mübarizəsidir.

Hövzə/ Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi İsrailin İran İslam Respublikasına qarşı təcavüzünə toxunaraq bildirdi ki, bu hücum İranın müqavimət ruhunu və böyük təzyiqlər qarşısında əsla boyun əymədiyini açıq şəkildə ortaya qoydu.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupu bildirir ki, Müqəddəs Nəcəf şəhərinin cümə imamı, Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi, Nəcəfin böyük Fatimiyyə Hüseyniyyəsində cümə xütbəsi zamanı sionist İsrailin İran İslam Respublikasına qarşı təcavüzünə toxunaraq vurğuladı ki, bu hücum İranın müqavimət ruhunu və böyük təzyiqlər qarşısında əsla boyun əymədiyini açıq şəkildə nümayiş etdirdi. O, əlavə etdi ki, bu hücum siyasi güzəştə ümidlərin boşa çıxmasını və strateji uğursuzluğu göstərir.

O, bu təcavüzün düşmənin zəifliyini və acizliyini ortaya qoyduğunu vurğulayaraq əlavə etdi: Bu hücum İran xalqının birliyini misilsiz şəkildə gücləndirdi. İran xalqı, imanında möhkəm və sarsılmaz, qadın və kişi bir araya gələrək küçələrə çıxdılar və hamılıqla ‘İsrailə ölüm’ şüarını ucadan səsləndirdilər. Bu birlik, böyük bir nailiyyətdir və bu təcavüz xalqın müqavimətini daha da gücləndirdi, imanlarını artırdı.

Cümə imamı əlavə etdi ki, bu hücum zalım rejimin sonunu tezləşdirib və İsraillə münasibətlərin normallaşdırılması layihəsini uğursuzluğa düçar edib.

Seyid Sədrəddin Qəbançi vurğuladı ki, İraq İranın yanında dayanacaq, çünki bu savaş coğrafi və etnik müharibə deyil, İslam və məzhəb mübarizəsidir. Bu, Əlinin və Xeybərin savaşıdır və biz, İmam Əlinin (ə) ardıcılları, onun yanında dururuq.

O, xütbənin başqa bir hissəsində bəzi təfriqəçi və öməvilərə meylli nümayəndələrin Qədir-Xum bayramının rəsmi tətil statusunu ləğv etmək istədiklərini qeyd edərək bildirdi: Biz, İraq parlamentinin bu günü hörmətlə qeyd etmə qərarını alqışlayırıq və onu müdafiə edirik. Bu qərarın əleyhinə çıxan dəyəri olmayan və ucuz düşüncəli şəxslər bizi məyus edir.

Müqəddəs Nəcəf şəhərinin cümə imamı davam edərək soruşdu: Allahın risaləti tamamladığı bu müqəddəs gün müsəlmanlar üçün istirahətə layiq deyilmi? Ey məzhəbçilik edənlər, bu mövzu ilə probleminiz nədir? Sizin probleminiz İslamladır, yoxsa İmam Əli (ə) ilə?

O, həmçinin İmam Əlinin (ə)  müqəddəs hərəminin və onların dəstəyi ilə inşa olunan Beyəte Qədir abidəsini (Qədir-Xumla  bağlı olan) təqdim etdikləri üçün alqışladı. Bu mühüm layihədə iştirak edən sənətkarları, mühəndisləri və qurucu həyətə öz dərin minnətdarlığını bildirib.

Höccətül-İslam vəl-müslimin Qəbançi, müqəddəs torpaqlardan İraqa qayıdan zəvvarları təbrik edərək, qalan zəvvarlar üçün Allahın amanında vətənlərinə sağ-salamat dönmələri üçün dua etdi. O, İraq Həcc heyətini üçüncü dəfə ardıcıl olaraq birincilik əldə etdikləri üçün təqdir etdi.

O, su qıtlığının xüsusilə Bəsrədə 80 il ərzində misli görünməyən bir problem olduğunu vurğulayaraq, yay mövsümünün hələ erkən mərhələdə olduğunu xatırlatdı. Dövlətin bu məsələyə təxirə salınmadan müdaxilə etməsi lazım olduğunu ifadə etdi. 

Müqəddəs Nəcəf şəhərinin ruhanisi dini xütbəsinə İmam Zeynul-Abidinin (ə) İslamı və şiəliyi qorumaq üçün sərhəd bölgələrindəki insanlar üçün oxuduğu duanı oxuyaraq başladı. İsrailin son hücumundan sonra İran İslam Respublikasına dəstək ifadə edildi.

Daha sonra o, Qədir-Xum bayramına toxunaraq soruşdu: Qədir-Xum nədir? Bu bayramda nə baş verdi? Bu yalnız emosional bir hadisədir yoxsa imamətə dair ilahi bir əmrdir? Peyğəmbər (s) müsəlmanları günəşin ən parlaq vaxtında bir araya gətirərkən onlara hansı ilahi mesajı çatdırmaq istəyirdi? 

O, cavab olaraq bildirdi: Allahın Elçisi (s) Cəbrayıl vasitəsilə uca Tanrının bu sözlərini çatdırmaq istəyirdi: ‘اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينًا’ (Bu gün sizin üçün dininizi kamilləşdirdim, nemətimi tamamlamağa nail oldum və sizin üçün İslamı seçdim).

O, bu mübarək Qədir-Xum bayramını bütün müsəlmanlara, xüsusilə şiələri ürəkdən təbrik edib.

Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi, 12 iyun tarixində baş vermiş Spayker faciəsini xatırladaraq vurğuladı ki, bu hadisədə 1700-dən çox iraqlı gənc, bəzi Təkriti qəbilələri tərəfindən amansızcasına şəhid edildi. O əlavə etdi ki, bu vəhşi cinayət, Öməvi düşüncəsinin zalım mahiyyətini və Əhli-Beytə (ə) qarşı dərin düşmənçiliyini daha da açıq şəkildə ortaya qoydu. Biz şəhid ailələrinə hüznümüzü bildirir, şəhidlərin ruhuna rəhmət diləyir və bu vəhşi cinayəti kəskin şəkildə pisləyirik. Allah bizə, zalımlara qarşı zəfər nəsib etsin.

Müqəddəs Nəcəf şəhərinin xətibi, 13 iyun tarixində verilən müqəddəs müdafiə fətvasının ildönümünü qeyd edərək bildirdi ki, həmin vaxt Ayətullah üzma Sistani müdafiə fətvasını elan etdi və vurğuladı ki, bu mübarizədə həlak olan hər kəs şəhid hesab olunur. Bu çağırışa milyonlarla gənc səs verərək onu qəbul etdi.

O əlavə etdi: Biz bu fətvanın verilməsinin 11-ci ildönümünü qeyd edərkən bildiririk ki, bu fətva İraqın qorunmasını təmin edən mühüm amil oldu.

Cümə imamı vurğuladı ki, İraq daim bu fətvaya və dini rəhbərliyə minnətdar qalacaq. Tarix bu dini rəhbərliyin mövqeyinə şahidlik edəcək, çünki bu fətva yalnız fiqhi bir hökm deyil, eyni zamanda mədəni və emosional mahiyyət daşıyır. Bu, həm ideoloji, həm də qəhrəmanlıq dolu bir mövqedir. Bu fətvanın üç böyük qəhrəmanı var: Dini rəhbərlik, Həşdi Şəbi qüvvələri və təhlükəsizlik qüvvələri, eləcə də İraq xalqı.

O, əlavə etdi ki, bu fətva hələ də yaşayır, İraq xalqının ruhunda mövcuddur və onların qəlbində dərindən kök salmışdır.

Höccətül-İslam vəl-müslimin Qəbançi, Həşdi Şəbi qüvvələrinin ləğv edilməsi tələbini şərh edərək bildirdi ki, bu, İraq xalqının vicdanına, ləyaqətinə və qəhrəmanlığına qarşı yönəlmiş bir hücumdur.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha