çərşənbə 20 avqust 2025 - 18:05
İstiğfar olan yerdə niyə ümidsiz olaq?

Hövzə / İmam Əli (ə) Nəhcül-Bəlağənin 87-ci hikmətində, istiğfar olan halda ümidsizliyə düşənlərə təəccüb etdiyini bildirərək, tövbə və ilahi rəhmət qapılarının daim açıq olduğunu vurğulayır. Həzrət ümidsizliyi ən böyük günah və şeytanın insan qəlbinə nüfuz yolu kimi tanıdır və Qurani-Kərim ayələrinə istinad edərək möminləri Allahın bağışlamasına ümidvar olmağa, ümidsizlikdən isə çəkinməyə çağırır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Əmirəl-möminin İmam Əli (ə) Nəhcül-Bəlağədə “istiğfarın əhəmiyyəti” barəsində buyurduqları incəlikləri belə açıqlayır:

Hikmət 87:

«عَجِبْتُ لِمَنْ یَقْنَطُ، وَمَعَهُ الِاسْتِغْفَارُ.»

Tərcümə:
Mən təəccüb edirəm o kəsə ki, istiğfar olduğu halda ümidsizliyə qapanır.

Şərh:

Niyə ümidsizlik?

İmam (ə) bu hikmətli kəlamında bütün günahkarlara ümid yolunu açır və buyurur:  

«عَجِبْتُ لِمَنْ یَقْنَطُ، وَمَعَهُ الِاسْتِغْفَارُ.»

“Mən təəccüb edirəm o kəsə ki, istiğfar olduğu halda ümidsizliyə qapanır.” 

Bu, Allahın bəndələri üçün tövbə və istiğfar qapılarını açdığına, onları öz rəhmətinə ümidvar etdiyi həqiqətinə işarədir. Quranda buyurulur:

 قُلْ یا عِبادِیَ الَّذینَ أَسْرَفُوا عَلی أَنْفُسِهِمْ لا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللّهِ إِنَّ اللّهَ یَغْفِرُ الذُّنُوبَ جَمیعاً إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحیمُ

De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir. [1]  (Zumər surəsi, 53-cü ayə)

“Yəqnətu” (یَقْنَطُ) sözü “qunut” sözündəndir və ümidsizlik mənasını bildirir. Allahın rəhmətindən ümidini itirmək ən böyük günah sayılır. Çünki rəhmətdən ümidsiz olan kəs artıq heç bir günahdan çəkinmir, “onsuz da məhv olmuşam” düşüncəsi ilə hər bir günaha yol açır. Bu isə şeytanın ən təhlükəli tələsidir.

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə Loğman övladına belə nəsihət edir: 
 «خَفِ اللَّهَ عَزَّ وَجَلَّ خِیفَةً لَوْ جِئْتَهُ بِبِرِّ الثَّقَلَیْنِ لَعَذَّبَکَ وَارْجُ اللَّهَ رَجَاءً لَوْ جِئْتَهُ بِذُنُوبِ الثَّقَلَیْنِ لَرَحِمَک

Allahdan elə qorx ki, əgər cin və insanların bütün yaxşı əməllərini etsən belə, bir səhv üzündən səni əzaba düçar edə biləcəyini biləsən. Allahın rəhmətinə o qədər ümidvar ol ki, əgər cin və insanların bütün günahlarını etmiş olsan belə, Onun səni bağışlayacağına ümid edə biləsən. [2]

Qurani-Kərim də Allah buyurur:

إِنَّهُ لا یَیْأَسُ مِنْ رَوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْکافِرُونَ

Şübhəsiz ki, kafirlərdən başqası Allahın mərhəmətindən ümidini kəsməz. [3]  (Yusuf surəsi, 87-ci ayə)

İbn Əbil Hədid bu hikmətin şərhində Rəbi ibn Xusəymdən belə bir fikir nəql edir ki, guya insan «أسْتَغْفِرُ اللّهِ وَ أتُوبُ إلَیْهِ» yəni “əstəğfirullah və ətubu iləyh” deməməlidir, çünki əməldə təsdiq olunmasa yalan olar. Bunun əvəzinə  «اللّهُمَّ اغْفِرْ لی وَتُبْ عَلَیَّ» “Allahumməğfir li vətub ələyyə” (İlahi! məni bağışla və tövbəmi qəbul et) deməlidir.

Bu söz, dualarda gəlmiş çoxsaylı istiğfar (bağışlanma diləmək) ifadələri ilə uyğun deyil. Bundan əlavə, Quranda da dəfələrlə istiğfar etməyə əmr olunmuşdur. Məsələn, Nuh (ə) qissəsində belə oxuyuruq:

اسْتَغْفِرُوا رَبَّکُمْ إِنَّهُ کانَ غَفّاراً

 “Rəbbinizdən bağışlanmağınızı diləyin! Şübhəsiz ki, O, çox bağışlayandır”. [4]  (Nuh surəsi, 10-cu ayə)

Başqa bir çox ayələrdə də eyni ifadə işlədilmişdir. Görünür ki, Rabi ibn Xusəym bu Quran ayələrinə kifayət qədər diqqət yetirməyib.

Üstəlik, əgər insan həqiqətən Allaha tərəf qayıtmasa və Ondan bağışlanma istəməsə, necə ola bilər ki, Allah ona tərəf yönəlsin və rəhmətini ona şamil etsin? Məgər belə demək mümkündürmü: «İlahi! Biz günah etməyə davam edirik, amma Sən bizi bağışla! Biz Səndən uzaqlaşırıq, amma Sən bizə yaxın ol!» Bu necə də əsassız bir yanaşmadır!

Qısa desək, «Əstəğfirullah» ilə «Allahumməğfir li» arasında heç bir fərq yoxdur. [5]

Qeydlər:

[1].  Zumər surəsi, 53-cü ayə


[2].  Kafi, c. 3, səh. 67, h. 1.


[3] . Yusuf surəsi, 87-ci ayə


[4] . Nuh surəsi, 10-cu ayə


[5]. Hikmətli sözün mənbəyi: Bu hikmətli kəlamı mərhum Seyid Rəzidən əvvəl, Mübərrəd “Kamil” kitabında, İbni Əbdi Rəbbih “Əqdul-Fərid” kitabında, İbn Quteybə “Uyunul-Əxbar kitabında, Seyid Rəzidən sonra isə Şeyx Tusi “Əmali" kitabında fərqli şəkildə nəql etmişdir ki, bu da onun başqa bir qaynaqdan götürüldüyünü göstərir. (Məsadiru Nəhcül-Bəlağə, c. 4, s. 83).

Mənbə: “Peyame İmam Əmirəl-mömin kitabı (ə) Nəhcül-Bəlağənin yeni və geniş şərhi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha