Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumata görə, bu günlərdə süni intellekt və onun idrak elmlərindəki analitik kökləri barədə müzakirələrin genişlənməsi ilə yanaşı, «idrak idarəçiliyi» termini də ortaya çıxmışdır. Bu mövzuda süni intellekt və idrak elmləri üzrə tədqiqatçı, Elmi Hövzələrin Süni İntellekt Şöbəsinin üzvü doktor Məhəmməd Rza Qasimi ilə söhbət etdik.
Zəhmət olmasa söhbətimizin əvvəlində izləyicilərimizə izah edin görək Koqnitiv idarəçiliyi dəqiq olaraq nə deməkdir?
İdrak idarəçiliyi rəqəmsal dövrdə yaranmış yeni bir paradiqmadır. Bu anlayış süni intellekt, böyük məlumatların işlənməsi və hətta sosial mühəndislik kimi idrak elmlərinə əsaslanan texnologiyalardan məqsədyönlü və strateji istifadəyə, vətəndaşların davranışlarını yönləndirməyə və onlara təsir göstərməyə işarə edir. Texniki baxımdan, bunu dərin öyrənmə alqoritmlərinə (Deep Learning Models), davranış yönümlü böyük məlumatların təhlilinə (Behavioral Big Data Analytics) və psixo-sosial mühəndisliyə (Psycho-Social Engineering) əsaslanan idarəçilik kimi təsvir etmək olar.
Sadə dillə desək, dövlətlər insanın davranış və psixoloji göstəricilərinə dair dərin məlumat təhlilləri vasitəsilə elə mühitlər, qanunlar və stimullar tərtib edə bilərlər ki, insanlar bunu hiss etmədən arzulanan qərar və davranışlara yönlənsinlər. Başqa sözlə koqnitiv idarəçiliyi müasir bir idarəetmə texnologiyasıdır ki, insan şüuru və davranışına görünməz nəzarət mexanizmi tətbiq edir. Çünki süni intellekt insanın ən xırda davranış detallarını hətta şüuraltı reaksiyalarını belə təhlil etmək imkanı yaratmışdır. Bu modeldə artıq məcburiyyət və açıq-aşkar basqıya ehtiyac qalmır. Əksinə mühitlər və qanunlar elə formalaşdırılır ki, siz fərqinə varmadan əvvəlcədən sizin üçün müəyyən edilmiş qərarı verirsiniz. Məhz burada insanın ixtiyarı və azad seçimi sual altına düşür.
O halda bu fenomeni, «ictimai mühəndislik» və ya «inkişaf etmiş yumşaq güc» anlayışları ilə ifadə etmək mümkündürmü?
Bəli doğrudur. İdrak idarəçiliyinin ən mühüm fərqi ənənəvi idarəçilikdən onun görünməzliyidir (Invisible Consent Engineering). Əvvəllər dövlətlər daha çox sərt güc vasitələrindən istifadə edirdilərsə, indi məlumat və alqoritmlər elə bir idarəçilik və nəzarət forması yaradır ki, vətəndaşlar bunu birbaşa hiss etmirlər. Çünki alqoritmlər bir millətin, hətta bütün qlobal cəmiyyətin hər bir şəxsin psixoloji zəif nöqtələrini hədəfə alaraq ona uyğun proqram təqdim edirlər.
Bəs bu fenomenin müsbət tərəfləri də varmı? Yəni ondan cəmiyyətin faydası üçün idarəetmənin səmərəliliyini artırmaq istiqamətində istifadə etmək mümkündürmü?
Hər bir yeni cihaz və texnologiya kimi bu da həm fürsət həm də təhlükə ola bilər. Onun hansı məqsədlə və necə istifadə olunmasından asılıdır. Şübhəsiz ki, idrak idarəçiliyi də fürsətlər yarada bilər. Məsələn, qərarvermə sistemlərinin daha səmərəli olması, ictimai xidmətlərin optimallaşdırılması, resursların daha düzgün idarə olunması və hətta böhranların qabaqcadan proqnozlaşdırılması üçün istifadə oluna bilər. Təsəvvür edin ki, əgər vətəndaşların davranış modelləri dəqiq təhlil edilərsə, bir çox sosial, iqtisadi və ekoloji problemlərin qarşısını almaq mümkün olar. Əsas odur ki, bu texnologiyadan insanın müstəqil iradəsinə və düşüncə azadlığına zərər vurmadan, daha çox tövsiyəedici və istiqamətləndirici məzmunla istifadə edilsin. Əgər dövlətlər bu mexanizmi nəzarətli və qanun çərçivəsində tətbiq etsələr, alqoritmlərin sərhədsiz və məsuliyyətsiz istifadəsinə yol verilməsə, bu faydalı nəticələr doğura bilər.
Bu sahədə ən böyük narahatlıqlar nələrdir və niyə idrak idarəçiliyindən nigaran olmaq lazımdır?
İdrak idarəçiliyi ilə bağlı ciddi təhdidlər mövcuddur ki, onların əsaslarını qeyd etdim. Ən birinci narahatlıq insanın şəxsiyyətinə, hüquqlarına, iradə və fərdi azadlıqlarına hörmət məsələsidir. Digər böyük problem isə məxfilikdir. Kiber mühitin genişlənməsi ilə şəxsi həyat ciddi təhlükələrə məruz qalır. Dövlətlərin ən qorxulusu böyük kiber xidmət şirkətlərinin fərdlərin davranış və psixoloji göstəricilərini dəqiq izləmək və təhlil etmək gücünə sahib olmaları, vətəndaşların qərarlarına bilərəkdən müdaxilə və manipulyasiya imkanlarını artırır.
Bu gün artıq şahidi oluruq ki, virtual məkandakı kommersiya reklamları son dərəcə hədəflənmiş şəkildə təqdim olunur. İnsanlar özləri fərqinə varmadan, məhz onlara ünvanlanmış gizli təbliğatın təsirinə düşürlər. Hətta informasiyalar və xəbərlər də fərdiləşdirilmiş şəkildə təqdim edilir, əlaqələr belə insanlara xüsusi qaydada təklif olunur ki, onların düşüncə və davranışı müəyyən bir istiqamətə yönəlsin. Misal üçün, əgər bir şəxs daha çox müəyyən bir partiyanın və ya siyasi cəbhənin xəbərlərini oxuyursa, birdən-birə bununla qarşılaşır ki, məhz bütün qarşısına çıxan xəbərlər yalnız həmin siyasi xəttə xidmət edir. Beləliklə, insanın idrak sistemi aldadılır, o isə elə düşünür ki, bütün informasiya məkanı həmin cəbhənin nəzarətindədir və yanlış nəticələrə gəlir. Bu isə artıq indi baş verən ən sadə nümunələrdən biridir.
Bütün bunlar isə gücün bərabərsizlik şəkildə paylanmasına gətirib çıxarmışdır. Yəni kimlərin məlumat və texnologiyaya çıxışı varsa, onlar böyük üstünlük qazanırlar, çıxışı olmayanlar isə tam asılı vəziyyətdə qalırlar. İstifadəçi bazası genişləndikcə, şirkətlərin ictimai-siyasi, mədəni və iqtisadi gücü dəhşətli dərəcədə artır. Bu şirkətlər öz imkanlarını kapital sahiblərinə satır, bunu isə reklamlar vasitəsilə həyata keçirirlər. Bu əslində dünyanın gələcəyi üçün olduqca narahatedici bir reallıqdır.
Sizcə, idrak idarəçiliyinin gələcəyi necə olacaq? Onun inkişafı dayandırıla yaxud məhdudlaşdırıla bilərmi?
Reallıq budur ki, idrak idarəçiliyi artıq müasir dövrün əsas idarəçilik sütununa çevrilməkdədir və bəziləri bunu "alqoritmik hegemoniya” (Algorithmic Hegemony) adlandırır. Bu proses əslində dəfələrlə baş vermişdir. Əgər güclü dövlət qurumları tərəfindən ciddi etik və hüquqi çərçivələr formalaşdırılıb icra olunmasa, biz elə bir dünyaya qədəm qoyacağıq ki, orada fərdi seçim və azadlıq sadəcə illüziyadan ibarət olacaq, geniş miqyaslı “şüuraltı sosial yenidənqurma” (Deterministic Cognitive Infrastructures) gerçəkləşəcək. Nəhəng transmilli şirkətlər insan zehnini və psixologiyasını faktiki olaraq alqı-satqı predmetinə çevirəcəklər. İnsanlar zahiri görünüşcə azad görünəcək və özləri qərar verdiklərini sanacaqlar amma reallıqda onların seçimləri əvvəlcədən proqramlaşdırılmış olacaq və süni intellekt həmin qərarı onların zehinlərinə yerləşdirmiş olacaqdır.
Beynəlxalq ictimaiyyət süni intellektin imkanlarından faydalanmaqla yanaşı, insan ləyaqətini, seçim azadlığını qoruyan və alqoritmlərin fəaliyyətini şəffaf saxlayan güclü etik və hüquqi mexanizmlər yaratmalıdır. Yalnız bu halda əmin ola bilərik ki, bu güclü alət bəşəriyyətin ümumi mənafeyi üçün istifadə olunacaqdır.
Rəyiniz