İctimai münasibətlərdə emosional boşluq
Hövzə Xəbər Agentliyi | Sosial münasibətlər, insanın cəmiyyətdə başqaları ilə qurduğu bütün əlaqə və ünsiyyətləri ifadə edir. Bu münasibətlər ailə bağlarını, dostluq əlaqələrini, işgüzar münasibətləri, həmçinin cəmiyyətdə tanımadığımız şəxslərlə ünsiyyəti əhatə edə bilər. Sosial münasibətlər əsasən fiziki, verbal və qeyri-verbal ünsiyyət üzərində formalaşır.
İnsanın sosial münasibətlərdə qarşılaşdığı ən əsas problemlərdən biri emosional yoxsulluqdur. Emosional yoxsulluq insanın kifayət qədər maddi imkanlara sahib olmasına baxmayaraq, sevgi, sağlam ünsiyyət və problemlərlə mübarizə bacarığının çatışmazlığını hiss etməsidir. Bu vəziyyətdə insan dərin və davamlı münasibətlər qura bilmir, özünü boşluqda hiss edir. Emosional yoxsulluq, adətən, ümidsizlik, təcrid olunma, daim şikayətlənmə və emosional dəstək əldə etmək üçün başqalarından həddindən artıq asılılıqla müşayiət olunur.
Bu gün emosional yoxsulluq hər bir insanın qarşılaşa biləcəyi ən ciddi sosial-psixoloji problemlərdən biri kimi dəyərləndirilir. Bu pozuntu şəxsin qarşılaşdığı bir çox problemlərin mənbəyi ola bilər. Emosional çatışmazlıq ailə, dostluq və ya sevgi münasibətlərində özünü göstərə bilər. O, həmçinin insanın psixoloji sağlamlığına, emosional sabitliyinə və ümumilikdə şəxsi həyatına böyük mənfi təsir qoya bilər.
Dünyapərəstlik emosional yoxsulluğun əsas köklərindən biri sayıla bilər. İslamın baxışına görə, maddiyyata və dünyəvi məqsədlərə həddindən artıq bağlılıq insanın ruhi və emosional ehtiyaclarının unudulmasına səbəb olur. Bu da öz növbəsində, emosional yoxsulluqla nəticələnir. Dünyapərəstlik - maddi imkanlara, sosial mövqeyə və zahiri uğurlara həddindən artıq önəm verməkdir. Bu yanaşmada insanlar öz dəyərlərini daha çox var-dövlət, sosial status və maddi nailiyyətlər üzərindən müəyyənləşdirirlər. Bu isə müxtəlif mənfi nəticələr doğura bilər.
Belə ki, dünyəvi məqsədlərə həddindən artıq vaxt və enerji sərf edən insanlar ailə üzvləri və yaxınları ilə münasibətləri ikinci plana keçirir, onlarla daha az vaxt keçirirlər. Nəticədə isə insan özünü tənha və təcrid olunmuş vəziyyətdə hiss edə bilər.
Mütəxəssislərin fikrincə, dünyəvi dəyərlərə həddindən artıq bağlılıq insanı başqalarının emosional ehtiyaclarını görməzdən gəlməyə sövq edir ki, bu da həmrəylik və empatiyanın azalmasına gətirib çıxarır. Yalnız maddi hədəflərin ardınca qaçan insanlar zamanla həyatlarını mənasız və məqsədsiz hesab edə, nəticədə depressiya və narahatlıqla üzləşə bilərlər. Dünyapərəstlik insanı daim başqaları ilə müqayisəyə sürükləyir. Bu isə qısqanclıq, ümidsizlik və özünə hörmətin azalması kimi mənfi halları artırır.
Beləliklə, maddiyyata həddindən artıq önəm verilməsi və emosional ehtiyacların unudulması, dünyapərəstliyi emosional yoxsulluğun əsas səbəblərindən birinə çevirir. Bu hal - insanın xoşbəxt, səadət dolu və mənalı həyat tərzi ilə ziddiyyət təşkil edir.
Mütəxəssislər hesab edirlər ki, dünyapərəstlikdən xilas olmağın yolu mənəvi dəyərləri gücləndirməkdir. Bunun üçün insan düşüncələrinə və əməllərinə nəzarət etməli, maddi bağlılıqları azaltmalı, dünyanın mahiyyətini daha dərindən dərk etməli, ölümü xatırlamalı, maddiyyatla zəngin olan mühitlərdən uzaqlaşmalı və mənəvi-əxlaqi anlayışlara diqqət yetirməlidir.
Ümumilikdə sosial münasibətlər insanların və cəmiyyətin həyatında mühüm rol oynayır. Sağlam və müsbət münasibətlərin qurulması və qorunması həyat keyfiyyətinin yüksəlməsinə, həmçinin fərdi və ictimai sağlamlığın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan, maddi məqsədlərlə emosional ehtiyaclar arasında balans yaratmaq son dərəcə vacibdir. Yalnız bu halda daha mənalı bir həyat yaşamaq mümkündür. Dərin və empatiyaya əsaslanan münasibətlər isə dünyəvi meyllərin mənfi təsirlərini azaltmaq üçün ən təsirli yollardan biri hesab olunur.
Tahirə Həmzeyi
Rəyiniz