şənbə 30 avqust 2025 - 19:32
Ayətullah Ərafinin Malayziyanın Baş naziri ilə görüşü

Hövzə / Ölkəüzrə Elmi Hövzələrin rəhbəri və müşayiətçi heyət, İran İslam Respublikasının Malayziyadakı səfiri ilə birlikdə, bu ölkənin Baş naziri Ənvər İbrahimlə görüş keçirib.

          Ayətullah Ərafinin Malayziyanın Baş naziri ilə görüşü

Hövzə Xəbər Agentliyinin beynəlxalq xəbərlər şöbəsinin məlumatına görə, ölkənin Elmi Hövzələrinin rəhbəri Ayətullah Ərafi və onu müşayiət edən heyət, İran İslam Respublikasının Malayziyadakı səfiri ilə birlikdə bu ölkənin Baş naziri Ənvər İbrahimlə görüşüb.

Məlumata əsasən, səmimi şəraitdə keçirilən görüşdə Ayətullah Ərafi İslam Peyğəmbərinin (s) 1500 illiyi və Malayziyanın Müstəqillik Günü münasibətilə Baş naziri təbrik edib, onun İslam dünyasına, xüsusilə məzlum Fələstin xalqına və Qəzza əhalisinə dəstək mövqeyinə görə təşəkkürünü bildirib.

O, həmçinin Malayziya hökuməti və xalqının 12 günlük müharibə dövründə İrana dəstəyini yüksək qiymətləndirərək vurğulayıb ki, İran xalqı, dövləti və silahlı qüvvələri hər cür təcavüz qarşısında tam qətiyyətlə dayanmışdır.

Elmi Hövzələrin Ali Şurasının üzvü çıxışında sionist rejimin bütün İslam dünyası üçün təhlükə yaratdığını qeyd edib və bu rejimlə hərtərəfli mübarizəni bütün müsəlmanların borcu adlandırıb.

Ayətullah Ərafi bildirib ki, İran İslam Respublikasının strategiyası ümumi İslam ümmətini əhatə edərək məzhəblərdən asılı olmayan bir yanaşmadır. Onun sözlərinə görə, inqilabdan sonrakı illərdə İran məzhəb fərqlərinə baxmadan Əfqanıstan, Bosniya və Fələstin kimi məzlum xalqların yanında dayanıb.

O, son 12 günlük müharibəni bütün itkilərinə və dağıntılarına baxmayaraq mühüm fürsət və dəyərli nəticələr doğuran bir hadisə kimi qiymətləndirib. Ayətullah Ərafi xüsusilə, bu müharibədən sonra yaranan misilsiz birliyi və xalqla dövlətin həmrəyliyini əsas nəticələrdən biri adlandırıb.

Görüşdə Ayətullah Ərafi həmçinin İran İslam Respublikasının elmi və mədəni sahələrdə əldə etdiyi nailiyyətlərdən, eləcə də elmi hövzələrin mövcud vəziyyətindən söz açaraq, İran və Malayziya arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını vurğulamışdır.

Öz növbəsində, Malayziyanın Baş naziri Ənvər İbrahim də iki ölkə arasında siyasi, mədəni, elmi və digər sahələrdə münasibətlərin inkişafını alqışlayaraq, Malayziya hökuməti və xalqının siyasətinin məzlum Fələstin xalqını, xüsusilə Qəzzanı dəstəkləmək siyasətindən ibarət olduğunu vurğulayıb.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha