cümə axşamı 23 oktyabr 2025 - 20:27
Elmi yenilik və siyasi düşüncə  Əllamə Naininin iki mühüm və seçilən xüsusiyyətidir.

Bu gün səhər Qum şəhərində keçirilən “Əllamə Mirzə Naini (rəhmətullah əleyh)” Beynəlxalq Konfransının təşkilatçıları ilə görüş zamanı İran İslam İnqilabının Ali Rəhbərinin çıxışları dərc olunub.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullah Xamenei bu görüşdə Əllamə Nainini (rəhmətullah əleyh) qədim Nəcəf elm mərkəzinin elmi və mənəvi dayaqlarından biri kimi dəyərləndirərək onun şəxsiyyətinin müxtəlif cəhətlərinə toxundu. O, qeyd etdi ki, mərhum Naininin ən mühüm elmi xüsusiyyətlərindən biri üsul elminin strukturlaşmasında göstərdiyi mühüm rol, eləcə də onun dərin elmi düşüncə sistemi və çoxsaylı yenilikləridir.

İnqilab Rəhbəri əlavə etdi ki, Əllamə Naininin digər diqqətəlayiq xüsusiyyətlərindən biri parlaq və görkəmli şagirdlər yetişdirməsidir. O, həmçinin vurğuladı: Nainini digər müctəhidlər arasında istisna edən əsas cəhətlərdən biri onun siyasi düşüncəyə sahib olmasıdır. Bu düşüncə onun qiymətli, lakin nisbətən unudulmuş ‘Tənbihül-ümməh’ (Ümmətin oyanışı) əsərində aydın şəkildə əks olunmuşdur.

Ayətullah Xamenei qeyd etdi ki, Əllamə Naininin siyasi baxışlarının əsasını istibdada qarşı “vilayət prinsipinə əsaslanan İslam hökumətinin qurulması” ideyası təşkil edir. O əlavə etdi: Naininin siyasi nəzəriyyəsinə əsasən, dövlət və onun bütün məsulları xalqın nəzarəti altında olmalı və hesabat verməlidirlər. Bunun üçün seçkilər yolu ilə formalaşan və qanunvericilik, eləcə də nəzarət funksiyasını daşıyan nümayəndələr məclisinin yaradılması zəruridir. Bu məclisin qəbul etdiyi qanunların etibarlılığı isə fəqihlər və görkəmli dini alimlərin təsdiqinə bağlıdır.

Rəhbər vurğuladı ki, Əllamə Naininin nəzərdə tutduğu bu siyasi quruluş yəni İslam və xalq hakimiyyətinə əsaslanan idarəetmə forması bu günkü ifadə ilə “İslam Respublikası” anlayışına uyğun gəlir.

O, həmçinin Mirzə Naininin öz əlilə “Tənbihül-ümməh” əsərini niyə topladığını izah edərək bildirdi: Mərhum Naini və Nəcəf alimlərinin dəstəklədiyi ‘Məşrutə hərəkatı’ əslində ədalətə əsaslanan bir idarəetmə forması qurmaq və istibdadı aradan qaldırmaq məqsədi daşıyırdı. Bu, İngilislərin İranda yaratdığı və sonradan ixtilaflara, o cümlədən mərhum Şeyx Fəzlullah Nurinin edamı kimi faciəli hadisələrə gətirib çıxaran ‘Məşrutə’ ilə tamamilə fərqli idi.

 Bu görüşün  Elmi Hövzələrin  rektoru Ayətullah Ərafi “Əllamə Naini Beynəlxalq Konfransı” çərçivəsində həyata keçirilən proqramlar və fəaliyyətlər barədə ətraflı məlumat verdi.

Bu hesabatda qeyd olunur ki, Ali Dini Rəhbərin çıxışının tam mətni aşağıdakı kimidir:

Bismillahir-rəhmanir-rəhim
Həmd olsun aləmlərin Rəbbinə və salam olsun Həzrət Məhəmmədə (s) və onun pak Əhli-beytinə, xüsusilə də yer üzündə Allahın höccəti olan İmam Zamana (ə).

Qum elmi hövzəsinin həyata keçirdiyi bu cür tədbirlər xüsusilə də mərhum Mirzə Naininin xatirəsinə həsr olunmuş bu böyük anım tədbiri həqiqətən də çox təqdirəlayiq və zəruri bir işdir. Çünki belə bir tədbirin yoxluğu uzun illərdir hiss olunurdu. Mərhum Ayətullah Naini bir vaxtlar Nəcəf elmi mühitini öz elmi fikirləri, nəzəriyyələri və düşüncə axını ilə tam mənada doldurmuşdu. Lakin zaman keçdikcə o, elmi fəaliyyət səhnəsindən bir qədər uzaq düşdü və haqqında kifayət qədər tədqiqat aparılmadı. Halbuki Qumun böyük alimləri onun elmi məqamını yaxşı tanıyır, ona ehtiramla yanaşırdılar. Onun yetişdirdiyi tələbələr də Nəcəfdə böyük mərcəlik məqamına çatmış şəxslər idi. Buna baxmayaraq, mərhum Naininin öz şəxsiyyəti, xüsusən də onun elmi, əməli və siyasi yönləri üzərində yetərincə dayanılmadı. İndi siz bu işlə məşğulsunuz; inşallah, onun həyatının bütün elmi, əməli və siyasi tərəfləri daha aydın şəkildə üzə çıxacaq.

Şübhəsiz, mərhum Ayətullah Naini qədim Nəcəf elmi hövzəsinin ən uca sütunlarından biridir. Nəcəf hövzəsinin minillik tarixi ərzində bu elm mərkəzi müxtəlif dövrlər yaşamışdır bəzən orada böyük şəxsiyyətlər yetişmiş, bəzən də durğunluq dövrləri keçmişdir. Təqribən iki əsr əvvəl, mərhum Ağa Baqir Bəbehani və onun görkəmli tələbələri mərhum Bəhrülulum, mərhum Kaşifül-ğita kimi alimlər dövründən başlayaraq Nəcəf hövzəsi yeni bir elmi həyat və dirçəliş mərhələsinə qədəm qoydu. Bu mühit, fiqh və üsul tariximizdə misilsiz və ya çox az oxşarı olan böyük alimlər yetişdirdi; məsələn, Şeyx Ənsari, Sahib Cəvahir və mərhum Axund Xorasani (rəhmətullahi əleyh) kimi şəxsiyyətlər. Mərhum Mirzə Naini də məhz bu böyük simalar sırasında yer alan seçkin və mümtaz bir alim idi.

Onun elmi sahədəki ən mühüm xüsusiyyəti, xüsusən fiqh və üsul elmində, “struktur quruculuğu” idi. Yəni o, üsul elminin əsaslarını yeni bir düşüncə, yeni bir elmi sistem və ciddi intizamla yenidən formalaşdırmışdı. Hər mövzunu ardıcıl şəkildə, xüsusi bir metodologiya və nəzmi ilə izah edirdi. Bu cür sistematik və məntiqi yanaşma ondan öncəki fiqh və üsul alimlərinin əsərlərində çox az müşahidə olunurdu.

O, hər bir məsələyə girməzdən əvvəl mövzunu bir neçə mərhələdə, düşünülmüş və nizamlı şəkildə izah edir, nəticəyə gəlirdi. Bu, tam səliqəli və elmi baxımdan bütöv bir təqdimat idi. Bəlkə də elə buna görə idi ki, mərhum Axund Xorasanidən sonra Nəcəfdə birinci dərəcəli dərs məclisi sayılan onun mühazirələrinə tələbə və alimlər böyük maraq göstərirdilər.

Onun dərsini bu qədər cəlbedici edən əsas amillərdən biri də elmi və fikri nizam-intizamı, həmçinin aydın və təsirli ifadə tərzi idi. Qeyd etmək maraqlıdır ki, o, Nəcəf kimi dərslərin əsasən ərəbcə aparıldığı bir mühitdə üsul elmini fars dilində tədris edirdi. Lakin buna baxmayaraq, dərslərində çoxlu sayda ərəb tələbə iştirak edirdi. Mən şəxsən onu görmək səadətinə nail olmamışam, amma eşitmişəm ki, mərhum Şeyx Hüseyn Hilli tamamilə ərəb əsilli bir alim sonralar öz dərslərini də fars dilində tədris edirmiş. Bunun səbəbi isə onun Mirzə Nainidən bu dildə dərs alması imiş. Bu fakt, mərhum Naininin düşüncə aydınlığının, üslub səlisliyinin və elmi ifadə gücünün ən bariz göstəricisidir.

Həqiqətən də mərhum Nainiyə məxsus üsul elmlərindəki yeniliklər olduqca diqqətəlayiq və çoxsaylıdır.
O, üsulun müxtəlif mövzularında elə dərin və mənalı nəzərlər irəli sürmüşdür ki, say etibarilə bunların miqdarı çox böyükdür. Həm mərhum Şeyx Ənsarinin fikirlərini elmi şəkildə izah və təhlil etməsi, həm də bir çox elmi məsələlərdə özünəməxsus baxışlar ortaya qoyması ciddi elmi müzakirələrə layiqdir. Bu onun elmi fəaliyyətinin bir tərəfidir.

Mənim fikrimcə, mərhum Ayətullah Naininin ən mühüm xüsusiyyətlərindən biri tələbə yetişdirmək bacarığıdır.
Bu baxımdan ona bənzər çox az alim tapmaq mümkündür. Son dövrlərin böyük simalarından olan mərhum Axund Xorasaninin də çoxlu sayda dəyərli və görkəmli tələbələri olmuşdur. Eyni hal mərhum Naini barədə də doğrudur. Onun da çoxlu elimli tələbələri vardı. Əslində, seçilən və müstəqil elmi şəxsiyyətlər yetişdirmək özü başlıca dəyərdir. Mənim xatirimdə olan 77-ci hicri illərinə aid dövrdə, o zaman Nəcəfdə mövcud olan demək olar ki, bütün müctəhidlər və mərcəi-təqlidlər onun tələbələri idi. Məsələn, Ayətullah Xoyi, mərhum Ayətullah Həkim, mərhum Seyid Əbdülhadi, həmçinin Mirzə Baqir Zəncani, Şeyx Hüseyn Hilli, Mirzə Həsən Bəcnurdi və digər bir çox böyük şəxsiyyətlər onun elmi məktəbindən çıxmışdılar. Bəziləri, məsələn mərhum Həkim, həm də başqa böyük alimlərin məsələn, Ayətullah Ziyanın şagirdi kimi də tanınsalar da onların əksəriyyəti Naininin yetirmələri idi. Buna görə də elmi cəhətdən görkəmli şəxsiyyətlər yetişdirmək onun ən bariz xüsusiyyətlərindən biri sayılır.

Bununla belə, mərhum Naininin şəxsiyyətində elə bir cəhət var ki, nə müasir, nə də ondan əvvəlki dövrlərin mərcə və alimlərində bu səviyyədə müşahidə olunmur. Bu da onun siyasi düşüncəsidir.
Siyasi düşüncə sadəcə siyasi meyldən və ya maraqdan fərqlidir. Bəzi alimlər, məsələn mərhum Axund Xorasani, Şeyx Abdullah Mazandarani və digərləri müəyyən siyasi meyllərə malik idilər. Hətta o dövrlərdə tələbələr arasında da siyasi yönümlü düşüncə geniş yayılmışdı. Bunun əsas səbəbi o idi ki, Misir və Şam (Suriya) mətbuatları Nəcəfə gətirilir, kitabxanalarda yayılırdı. Həmin mətbuat Seyid Cəmaləddin Əfqani və Məhəmməd Əbduh kimi islahatçıların təsiri altında idi və orada yeni ideyalar səslənirdi. Mərhum Nəcəfi Quçani xatirələrində də bu məsələyə toxunur və həmin dövrdə bir çox tələbələrin siyasi baxışlara sahib olduğunu qeyd edir.

Lakin siyasi meyl, maraq və ya siyasi mövzuda danışmaq bir şeydir, siyasi düşüncə isə tamam başqa məsələdir.
Mərhum Naini həqiqi mənada siyasi düşüncəyə malik idi, onun siyasət haqqında sistemli və nəzəri baxışları vardı. Onun “Tənbihül-ümme və tənhihül-millə” adlı əsəri bu mənada son dərəcə dəyərli və eyni zamanda yetərincə tanınmamış bir əsərdir.
Cənab Naini siyasi düşüncəyə malik idi, siyasi fikri vardı. Onun “Tənbihül-ümmə” əsəri doğrudan da haqsız yerə unudulmuş və dəyəri bilinməmiş bir kitabdır. Ustad mərhum Ağa Taleqaniyə Allah rəhmət eləsin. O bu kitabın nəşrini yenilədi. Əks halda, biz eşitdiyimizə görə, əvvəlki məşhur nəşr toplanaraq aradan qaldırılmış, çox zəif və geridə qalmış bir çap idi. Mərhum Taleqani onu yenidən nəşr etdi, haşiyələr və qeydlər əlavə etdi və bu kimi işlər gördü. Lakin bu günə qədər də bu kitab hələ də layiqincə tanınmayıb, halbuki olduqca mühüm bir əsərdir. İndi mən bu kitabdakı məsələlər barədə qısa şəkildə bəzi məqamlara toxunmaq istəyirəm.

Əvvəla o, İslam hökumətinin qurulması tərəfdarı idi. Bu özü-özlüyündə bir fikir və baxış tərzidir: Yəni İslam hökuməti mütləq şəkildə formalaşmalıdır. Doğrudur, o, bu hökumətin konkret idarə forması və strukturunu müəyyən etmir, lakin İslam hökumətinin qurulmasının zəruriliyi məsələsində “Tənbihül-ümmə” əsərində açıq şəkildə bəyan edir. Bu olduqca mühüm bir məqamdır.

İkinci məsələ ondan ibarətdir ki, İslam hökumətinin əsas dayağı “vilayət” prinsipidir. O, bu anlayışı “vilayət hökuməti” adlandırır və bunu “mülkiyyət istibdadiyyə” yəni istibdad və avtoritar mülkiyyət anlayışının qarşısına qoyur. Onun fikrincə, İslam hökumətinin forması və məğzi “vilayət” üzərində qurulmalıdır. Bu çox dərin və əhəmiyyətli bir konsepsiyadır və o, bu məsələyə əsərində açıq şəkildə işarə edir.

Növbəti, son dərəcə mühüm məqam “milli nəzarət” prinsipidir. Naini hesab edirdi ki, hökumət və bütün məsullar ictimai nəzarət altında olmalıdırlar. Yəni heç kim məsuliyyətdən kənarda deyil. Bəs bu nəzarəti kim həyata keçirməlidir? Onun ifadəsi ilə desək “məclisi məbusan” yəni xalq tərəfindən seçilən qanunverici məclisdir. O, bu “məclisi məbusanı” təqribən bugünkü “şura məclisi ” (parlament) anlayışına bənzədir.

Bu məclis xalq tərəfindən seçilməlidir, yəni xalq seçki yolu ilə nümayəndələrini müəyyən edir və məclis formalaşır. Lakin Naininin fikrincə, bu məclisin qəbul etdiyi qanunlar o zaman etibarlıdır ki, din alimləri və islam fiqhinin mütəxəssisləri yəni “şuraye neqahbana” (mühafizə şurası) bənzər bir qurum tərəfindən təsdiqlənsin. O, açıq şəkildə yazır ki, “məclisi məbusanın” qanunları din alimlərinin təsdiqi olmadan qüvvəyə minmir.

Naini həmçinin vurğulayır ki, xalqın bu seçkilərdə iştirak etməsi vacibdir. Bunu “vacibin müqəddiməsi” (müqəddimeyi-vacib) prinsipi ilə əsaslandırır. Yəni İslam hökumətinin düzgün qurulması vacibdirsə, onun zəruri mərhələsi olan seçkilərdə iştirak da vacib olur. O, bu fikrini “əmr bil-məruf və nəhy ənil-münkər” (yaxşılığa çağırış və pislikdən çəkindirmə), “məsuliyyət hissi” və “ictimai hesabatlılıq” kimi əsas dini prinsiplərlə birləşdirir.

Bu baxış tərzi Naininin siyasi düşüncəsinin nə qədər uzaqgörən və qabaqcıl olduğunu göstərir. O sadəcə bir siyasi meyil sahibi deyil, dərin teokratik-siyasi nəzəriyyə formalaşdıran bir mütəfəkkirdir.

Mərhum Naini elə bir siyasi düşüncə modeli təqdim edir ki, bu model bir hökumət təsəvvürünü əks etdirir. Birincisi, bu hökumət “hakimiyyət” və “qüdrətə” malikdir. Yəni real idarəetmə sistemidir. İkincisi, bu hakimiyyət xalqdan qaynaqlanır, yəni hökumətin əsasını xalqın iradəsi təşkil edir, xalq onu seçir. Üçüncüsü isə bu hökumət dini və ilahi prinsiplərlə, şəriət hökmləri ilə uzlaşmalıdır. Yəni dini dəyərlərsiz onun mənası yoxdur. Başqa sözlə bu həm İslam həm də xalq hökumətidir.

Əgər biz bu ideyanı müasir siyasi terminologiya ilə ifadə etmək istəsək bu anlayış “İslam Respublikası” deməkdir. “Respublika” xalq hakimiyyətini, “İslam” isə dini əsasları ifadə edir. Əlbəttə Naini bu ifadəni işlətmir, amma onun söylədiyi fikrin əsas mərkəzi elə budur: Xalqın seçimi ilə formalaşan, mömin, saleh və dindar şəxslərdən ibarət bir hökumət, xalqın ciddi nəzarəti altında fəaliyyət göstərən məsullar, cavabdehlik daşıyan idarəçilər, xalqın seçdiyi "məbuslar məclisinin" qanun qoyması və bu qanunların yalnız dini alimlərin təsdiqi ilə hüquqi qüvvə qazanması. Onun əsas fikri budur və bu olduqca dərin və əhəmiyyətli bir prinsipdir.

Biz bu böyük alimin yəni mərhum Naininin dərs qeydlərini (təqrirlərini) oxuyur, onlardan faydalanır və tədris edirik, amma onun belə möhkəm siyasi fiqhi əsaslarına çox vaxt diqqət etmirik. Halbuki o, bu fikirləri sadəcə bir “siyasi bəyan” kimi deyil, tam mənada fiqhi mübahisə şəklində irəli sürür. Yəni dediyi hər bir məsələni fiqhin prinsiplərinə əsaslanaraq sübut edir. Həm mətn və dini mənbələrin dəlalətini, həm də ictimai və əqli baxışları diqqətə alır. Qısası o, bu məsələlərə bir fəqih kimi yanaşır. Mənim fikrimcə, bu istisna bir hadisədir. Çünki alimlərimiz arasında onun kimi fiqhi əsaslarla sistemli siyasi nəzəriyyə quran şəxs nadirdir.

Mərhum Axund Xorasani də bu kitaba (“Tənbihül-ümmə”) yazdığı təqrir və təqrizdə onu tam şəkildə təsdiqləmişdir. Axund özü də böyük şəxsiyyət idi və bu əsəri oxuyub ondan bəhrələndiyi aydındır. Mənim qənaətimcə, “Tənbihül-ümmə” İslam siyasi düşüncəsinin ən mühüm mənbələrindən biridir.

Lakin sonradan məsələ başqa bir istiqamət aldı. Deyilənə görə, elə insanlar tapıldı ki, bu kitabın nüsxələrini toplayıb yox etməyə çalışdılar. Biz bunu yalnız şayiə kimi deyil, həm də mərhum atamın Nəcəfdəki dostlarından eşitmişik. Onların dediyinə görə, Naini bu kitabın nüsxələrini tapıb almağa, yığmağa məcbur olmuşdu. Bəziləri düşünürlər ki, o, öz fikrindən dönmüş, buna görə kitabı toplatdırmışdır. Amma bu sadəlövhlükdür. Heç bir dərin fiqhi məntiqə malik alim öz əsərini sırf fikir dəyişdiyinə görə məhv etməz.

Əsl səbəb başqaydı: Nəcəfdəki müctəhidlərin müdafiə etdiyi “məşrutə” hərəkatı ilə İranda baş verən “konstitusiyalı hərəkat” arasında ciddi fərq yaranmışdı. Axund Xorasani, Şeyx Abdullah Mazandarani və başqaları bu hərəkatı ədalət hökuməti qurmaq, istibdadı aradan qaldırmaq, zülmə qarşı mübarizə aparmaq məqsədilə dəstəkləmişdilər. “Məşrutə” (konstitusiya) termini və onun qərb mənşəli modeli isə görünür, ingilislər tərəfindən gətirilmiş və yönləndirilmişdi.

Nəticədə bu hərəkat İngiltərənin siyasi manipulyasiyasına çevrildi. Daxili ixtilaflar yarandı, milli liderlərdən bəziləri qətlə yetirildi. Mərhum Şeyx Fəzlullah Nuri edam olundu, Seyid Abdullah Bəhbəhani sui-qəsdlə öldürüldü, Səttərxan və Baqirxan müxtəlif formalarda aradan götürüldülər. Bu hadisələr Nəcəfə çatdıqda, oradakı alimlər gördülər ki, dəstəklədikləri hərəkat artıq başqa bir istiqamət alıb.

Mərhum Naini də bu mərhələdə həmin nəticəyə gəlmişdi: O gördü ki, öz elmi-fiqhi, əsaslı kitabı vasitəsilə İslama aidiyyəti olmayan yad təsirli bir hərəkatın legitimləşməsinə kömək etmiş olur. Bu səbəbdən, həmin kitabın yayılmasından çəkinmiş, bəlkə də onun toplanmasına şərait yaratmışdır. Yəni bu fikir dəyişikliyindən deyil, məsuliyyət hissindən irəli gələn bir mövqe idi.

Mənim fikrimcə mərhum Naini istisna bir fəqihdir və böyük bir müctəhid və alimdir. Elmi səviyyəsi çox yüksəkdir. Praktik həyatına gəldikdə isə əvvəlki söhbətlərdə olduğu kimi onun mənəvi və zöhd həyatına dair nümunələr qeyd olundu. Eşitdiyimə görə, o mərhum Axund Molla Hüseynqulu ilə əlaqədə olmuşdur. Səmərqənddən Nəcəfə gəldikdə Axund Molla Hüseynqulu ziyarət edərmiş. Həmçinin Səmərqənddə yaşayan mərhum Molla Fəthəli ilə də əlaqələri olmuşdur. Hər biri özünəməxsus təsirə malik idi. Həmçinin, İsfahanda mərhum Cahangirxan və digər alimlərlə də əlaqələri olmuşdur. Əldə olunan məlumatlara görə, o Cahangirxandan dərs də almışdır. Yəni həm fəlsəfə, həm də mənəvi elmlərdə təcrübəsi olmuşdur.

Bir neçə gün əvvəl eşitdiyimə görə, mərhum Naininin gecə namazları (təharət və ibadətdəki mərifətləri) xüsusilə diqqət çəkirmiş. Onun damadı, mərhum Ağanəcfi Həmdan şəhərində yaşayan və ailə daxilində olan biri olaraq, Naininin gecə namazlarındakı halını, səmimiyyətini, təvəssülünü və dua hallarını görmüş və xatırlamışdır. Bu cür nümunələr onun doğru yol tapmasına və həmin yolda nəticələr əldə etməsinə yardım etmişdir.

Ümid edirik ki, bu cür dəyərli tədbirləriniz həm Qumda, həm Nəcəfdə, həm də Məşhəddə  uğurla həyata keçiriləcək. Məşhəddə də yaxşı işlər görülüb. Mərhum Milani Məşhəddə Naininin adını və fikirlərini yaşatmışdır. Əvvəlcə Məşhəddə mərhum Axundun oğlu mərhum Ağazadənin varlığı səbəbilə Axund Xorasani fikirləri daha çox yayılmışdı. Daha sonra mərhum Amirza Mehdi İsfəhani mərhum Mirzənin seçilmiş şagirdlərindən biri  Məşhədə gəldikdə, Naininin yeni, müasir və əsaslı fikirləri ilə o dövrün üstünlük təşkil edən Axund fikirlərini tarazladı.

Mərhum valideynim deyirdi ki, Amirza Mehdi Məşhədə gələndən sonra, oradakı fiqhi və elmi mühit tamamilə dəyişdi. Axundun fikir və metodları artıq hakim deyildi. Lakin Amirza Mehdi sonrası Naininin adı azaldı. Mərhum Milani isə Naininin fikirlərini təqdim edir onları təhlil edir və çox vaxt təsdiqləyirdi.

Hər halda, siz Məşhəddə də bir bölmə açaraq çox doğru addım atmışsınız. Nəcəfdəki fəaliyyət də məlumdur. Allah-Təaladan sizlərə müvəffəqiyyət arzulayıram.

Vəssalamu ələykum və rəhmətullahi və bərəkətuh.

Qeyd:
1. Bu görüşün əvvəlində ölkə üzrə elmi hövzələrin direktoru Höccətül-İslam vəl-müslimin Əlirza Ərafi hesabat təqdim etmişdir


2. Ayətullah Şeyx Məhəmməd Həsən Nəcəfi (“Cavahirul kəlam” kitabının müəllifi)


3. Ayətullah Molla Məhəmməd Kazım Xorasani (məşhur Axund Xorasani)


4. Ayətullah Seyid Əbülqasim Xoyi


5. Ayətullah Seyid Möhsün Hakim


6. Ayətullah Seyid Əbdül Hadi Şirazi


7. Zəif, dəyərsiz, çox aşağı keyfiyyətli


8. Ayətullah Seyid Cavad Hüseyni Xamenei

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha