Hövzə Xəbər Agentliyinin məlumatına görə, Qurban bayramı İslamın böyük bayramlarından biri, Həzrət İbrahimin (ə) ilahi əmr qarşısında tərəddüdsüz itaət və fədakarlığını xatırladır.
Bu mühüm dini gün, ibadi və mənəvi ölçüləri ilə yanaşı, daim əxlaq, fiqh və heyvan haqları sahəsində müxtəlif suallarla qarşılanır.
Bəziləri heyvanların qurban verilməsinə tənqidi yanaşaraq bu əməli zorakı və qəddar bir davranış kimi qiymətləndirirlər. Halbuki dini baxımdan bu əməlin mahiyyəti Allaha təslimiyyətin simvolu və konkret məqsədləri olan ilahi bir ənənə kimi dəyərləndirilir.
Bu məsələ ilə bağlı fikir ayrılıqlarını nəzərə alaraq, biz də dini şübhələr üzrə mütəxəssis Höccətül-İslam vəl-müslimin Rza Pur İsmail ilə görüşdük və qurban ibadəti ilə bağlı fiqhi və əxlaqi aspektlərdən doğan ümumi sualları onunla müzakirə etdik.
Aşağıda həmin müsahibənin tam mətnini dəyərli oxucularımızın diqqətinə təqdim edirik.
Rəsmi Hövzə Xəbər Agentliyinə dəyərli vaxtınızı ayırdığınız üçün sizə təşəkkürümüzü bildiririk. İlk sualımız belədir:
Canlı bir heyvanın başını kəsmək əxlaqi və ya dini baxımdan günah hesab olunmurmu?
Bu sual əslində iki əsas hissədən ibarətdir: biri əxlaqi, digəri isə dini tərəfidir.
Əvvəlcə heyvanın başının kəsilməsi və qurban verilməsi məsələsinə əxlaqi baxımdan nəzər yetirək. Bu mövzu əxlaq fəlsəfəsində çox güclü şəkildə əxlaqi təmələ, yəni əxlaqın mənbəyinə bağlıdır. Əxlaq fəlsəfəsində bu sual ortaya çıxır: Əxlaqın əsası nədir? Əxlaqi dəyərləri və “olmalı” və “olmamalı”ları müəyyən edən nədir? Yaxşı və pis əxlaqi davranışları necə ölçmək olar?
Bu sahədə müxtəlif nəzəriyyələr mövcuddur. Bəziləri realist (həqiqətə əsaslanan), bəziləri isə qeyri-realist (subyektiv və fərdi yanaşmalı) mövqelərdən çıxış edir. Məsələn, emosional etika tərəfdarları belə hesab edirlər ki, biz heç kəsə, istər insana, istərsə də heyvana zərər verməməliyik, hətta bu zərər bizə bir fayda gətirsə belə. Bu yanaşmanı əsas götürən bəzi insanlar heyvan əti yeməyi qeyri-etik hesab edir və vegetarianlığa (bitki mənşəli qidalanmaya) üstünlük verirlər. Onlar bu mövqeni öz əxlaqi dəyərlərinin meyarı kimi qəbul edirlər.
Lakin düzgün əxlaqi məntiqə əsasən, insan əxlaqi dəyərlərin meyar və ölçülərini anlamaq üçün dinə ehtiyac duyur. Niyə? Çünki din insanın səadət proqramıdır. Allah dini insanı doğru yola yönəltmək və onu həqiqi səadətə çatdırmaq üçün göndərmişdir. Bu baxımdan, insan üçün yaxşı olan odur ki, onu ilahi məqsədinə yaxınlaşdırır, pis olan isə onu bu yoldan uzaqlaşdırır.
Bu yanaşmanı əsas götürdükdə belə bir nəticəyə gəlirik ki, insanı Allaha yaxınlaşdıran və onun səadətini təmin edən hər şey yaxşıdır. İnsanı bu yoldan azdıran və onun həqiqi məqsədindən uzaqlaşdıran hər bir şey isə yanlışdır. Beləliklə, insan doğru və yanlış arasındakı fərqi din vasitəsilə öyrənir. Din insana həyatın əsas prinsiplərini və "nə etməli, nə etməməli" suallarına cavab verən ilahi bir bələdçidir.
Dini baxımdan baxıldıqda, bütün məxluqat insanın kamillik yolunda təkamül etməsi üçün yaradılmışdır. Bu təkamül prosesində bəzi heyvanlar var ki, öz varlıq kamilliklərini insanın qidalanması prosesində istifadə olunmaqla tapırlar.
Əlbəttə, bu o demək deyil ki, istənilən heyvanın əti yeyilə bilər. Din, heyvan ətlərindən istifadəni ümumilikdə qadağan etməmiş olsa da, bu məsələyə dair dəqiq qayda və çərçivələr müəyyən etmişdir. Belə ki, bəzi heyvanların əti haram, bəzilərinin əti isə halal sayılır və bu heyvanların kəsilməsinə dair xüsusi şərtlər və qaydalar qoyulmuşdur.
Beləliklə, əgər yuxarıda qeyd olunan əxlaqi əsaslara uyğun olaraq bu məsələyə yanaşsaq, heyvanların kəsilməsi və qurban verilməsi, əgər dini hökmlər və müəyyən olunmuş çərçivələrə uyğun şəkildə həyata keçirilərsə, nəinki qeyri-əxlaqi sayılmaz, əksinə tam qəbulolunan və mənalı bir davranışdır.
Təbii ki, bu, yalnız bütün tərəflərin, həm fiqhi hökmlərin, həm də əxlaqi tövsiyələrin tam şəkildə yerinə yetirilməsi ilə mümkündür. Məsələn: İsrafdan çəkinmək, ifrat və təfritdən uzaq olmaq, Qurban ətinin şəxsi istehlakdan çox, ehtiyac sahiblərinə paylanmasına önəm vermək. Bu kimi məsələlər, qurban ibadətinin mənəvi dəyərini artıran, dinin bizə tövsiyə etdiyi prinsiplərdəndir.
Bütün bunlar dinin qurbanlıq və heyvanlarla rəftar mövzusundakı kamil və məqsədyönlü yanaşmasının bir hissəsidir və bu göstərişlərə riayət etmək xüsusi önəm daşıyır.
Niyə Qurban Bayramında əsasən qoyun qurban verilir və bu əməl nəyi simvolizə edir?
Qurban Bayramında qoyunun qurban ediləməsinə xüsusi önəm verilməsinin bir neçə səbəbi vardır (hərçənd ki, qurban yalnız qoyunla məhdudlaşmır):
Əvvəla, Qurban bayramında qurban kəsmək müstəhəb bir əməldir və qoyun bu ibadətin ən çox seçilən heyvanı olmuşdur. Bunun əsas səbəbi, Həzrət İsmayılın (ə) qurban verilməsi ilə bağlı Quran əhvalatı ilə əlaqədardır: Allah-Təala Həzrət İbrahimin (ə) sədaqətini sınadığı zaman, sonda İsmayıl peyğəmbərin (ə) əvəzinə bir qoyun göndərdi ki, onu qurban versin. Bu hadisə qoyunun qurbanlıq simvoluna çevrilməsinə səbəb olmuşdur.
Hətta Həcc mərasimlərində belə, hərçənd ki, dana və ya dəvə də qurban kimi qəbul edilir, ən az tələblərə cavab verən heyvan qoyundur.
Bundan başqa, Qurban bayramında qurban kəsən insanların çoxu məhz qoyunu seçirlər. Bunun səbəbi, bir tərəfdən bu əməl ilə Həzrət İbrahim (ə) və İsmayılın (ə) hekayəsinin canlı şəkildə yad olunmasıdır, digər tərəfdən isə Həcc ziyarəti zamanı qurban kəsməyin vacib olmasıdır, bu isə ən çox qoyunla yerinə yetirilir.
Nəticə etibarilə, qoyun tarixi, dini və simvolik baxımdan Qurban bayramında qurbanlıq heyvan kimi daha çox seçilir, lakin bu, digər heyvanların qurban oluna bilməyəcəyini göstərmir. Şəriətə görə şərtləri uyğun olan inək və ya dəvə də qurban edilə bilər.
Qurbanlıq kimi qoyundan başqa heyvanlardan da istifadə etmək mümkündürmü? Bu, şəriət baxımından caizdirmi?
Qurban kəsmək iki halda olur: vacib və ya müstəhəb (tövsiyə edilən) şəkildə.
Vacib qurban, əsasən Həcc ibadəti və ya nəzir ilə bağlı olur.
Məsələn, Həcc zamanı qoyun, inək və ya dəvə qurban kimi təqdim edilə bilər. Nəzir məsələsində isə bu, şəxsin nə şəkildə nəzir etdiyindən asılıdır. Əgər biri nəzir edibsə ki, “məsələn bir toyuq qurban kəsəcəyəm”, o zaman məhz toyuq kəsməlidir. Amma əgər nəzir ümumi şəkildə edilibsə (məsələn deyibsə: bir qurban verəcəyəm), o zaman istənilən halal əti olan heyvanın qurban kəsilməsi kifayət edər. Belə halda xoruz və ya hindquşu da kəsilə bilər. Lakin əgər nəzir zamanı heyvanın növü dəqiq göstərilmişdisə, həmin növ üzrə əməl etmək vacibdir.
Müstəhəb (tövsiyə olunan) qurban məsələsində isə, xüsusi bir heyvanın seçilməsi zəruri deyil. Bu, insanın maddi imkanlarına bağlıdır.
Təbii olaraq, qurbanlıq heyvan nə qədər dəyərli və qiymətli olarsa, bu əməl üçün alınan savab və ilahi mükafat da bir o qədər çox olar. Eyni zamanda, bu qurbanın ehtiyac sahiblərinə çatdırılması da daha geniş və təsirli olar ki, bu da qurban ibadətinin əsl ruhunu təşkil edir.
Qurban bayramında heyvanların kəsilməsi onlara zərər vurmaq anlamına gəlirmi və bu əməli necə əxlaqi baxımdan əsaslandırmaq olar?
Əvvəlcə qəbul etməliyik ki, heyvanın həyatı alınır, bu danılmazdır. Ancaq əsas sual budur: Bu əməl əxlaqi baxımdan əsaslandırıla bilərmi?
Daha əvvəl qeyd olunduğu kimi, İslam baxımından heyvanların yaradılış məqsədlərindən biri, insanın rifahına xidmət etməkdir. Onlar bu yolla öz varlıq kamilliklərini tamamlayırlar, yəni ətləri insanın qidalanması üçün istifadə olunur. Allah hər şeyi insan üçün yaratmışdır amma bu, insanın təbiəti israf etməyə və ya ziyan verməyə haqqı olduğu anlamına gəlmir.
Bəzən bir heyvan növündən sui-istifadə və ya nəzarətsiz ovlanma, onun nəsli üçün təhlükə yarada və ya ekoloji tarazlığı poza bilər. Belə hallarda İslam bu davranışı qadağan edir. Ancaq qoyun, inək və dəvə kimi heyvanlar, adətən əhliləşdirilmiş şəkildə yetişdirilir və çoxalma prosesi insan nəzarətindədir. Bu baxımdan, bu heyvanların qurban verilməsi onların nəsli üçün təhlükə təşkil etmir.
Əlbəttə, hər bir heyvan fərdi olaraq kəsildikdə həyatını itirir. Ancaq bu ət dini prinsiplərə uyğun şəkildə istifadə edilərsə, xüsusilə də ehtiyac sahiblərinə paylanarsa, bu əməl istiqamətli, məqsədli və mənalı bir ibadət sayılır.
Əksər hallarda bu tip müzakirələr Qurban bayramı yaxınlaşanda güclənir. Heyvan hüquqları müdafiəçiləri bu məsələni qabardırlar. Lakin maraqlıdır ki, bu etiraz edənlərin bir çoxu ilin digər vaxtlarında heç bir problem olmadan heyvan əti yeyirlər. Bu isə göstərir ki, onların əsl narahatlığı heyvan hüquqlarından çox, dini simvollara və mərasimlərə qarşı yönəlib. Dini bir ibadət və ya rəmz ön plana çıxanda, onların reaksiyası artır. Halbuki eyni davranış, yəni ət yemə gündəlik həyatlarında təmamilə normal qəbul olunur.
Bu ikili yanaşma, onların əsl məqsədinin dini dəyərlərə qarşı çıxmaq olduğunu göstərir, yoxsa əsl heyvansevərlik deyil.
Müasir cəmiyyətlərdə fədakarlıq və itaəti göstərmək üçün heyvan qurban etmədən də alternativ yollar varmı?
Əlbəttə, fədakarlıq, ibadət və xeyirxahlıq göstərmək üçün bir çox müxtəlif yollar mövcuddur. İslam dini də ibadəti yalnız qurbanlıqla məhdudlaşdırmamışdır. Lakin hər bir ibadətin özünəməxsus təsiri və bərəkəti vardır.
Əgər qurban ibadəti vacibdirsə, məsələn Həcc mərasimində vacib olan qurban, o zaman bu ibadət əvəzolunmaz sayılır və onu başqa bir əməllə əvəz etmək olmaz. Bu cür ibadətlər ilahi hikmətə əsaslanaraq müəyyənləşdirilmiş və özünəməxsus mənəvi struktura malikdir.
Lakin müstəhəb (tövsiyə olunan) qurbanlarda belə bir məcburiyyət yoxdur. Bununla belə, İslam alimləri və din böyükləri bəzən xüsusi hallarda məsələn bəladan qorunmaq, arzuların həyata keçməsi kimi məqsədlərlə qurban kəsməyi tövsiyə etmişlər.
Bu kimi müstəhəb əməllərin, məsələn yeni doğulan uşaq üçün edilən əqiqə qurbanının, digər xeyir işlərlə müqayisədə özünəməxsus təsiri və mənəvi dəyəri vardır. Hərçənd ki, sədəqə vermək və ya dua etmək də yaxşı əməllərdir, lakin əqiqə qurbanının özünəməxsus mənəvi nəticələri vardır ki, bu nəticələr digər əməllərdə tapılmaya bilər.
Diqqətçəkən bir məqam isə odur ki, Qurban bayramı ərəfəsində bu ibadətə qarşı yönələn şübhə və tənqidlər, daha çox psixoloji və emosional səbəblərə əsaslanır. Halbuki ilin digər vaxtlarında heyvan əti yemək dünyanın əksər dinlərində, mədəniyyətlərində və sivilizasiyalarında qəbul olunmuş normal bir haldır.
Hətta İslam dini bu sahədə başqa din və cəmiyyətlərlə müqayisədə daha sərt məhdudiyyətlər və dəqiq çərçivələr qoymuşdur. Məsələn, hansı heyvanların halal və ya haram olması, kəsilmə qaydaları, israfdan çəkinmək və ehtiyac sahiblərinə paylama prinsipi. Bu məsələlər İslamın bu məsələyə nə qədər sistemli və məsuliyyətli yanaşdığını göstərir.
1. Halal ətli heyvanların dairəsinin məhdudlaşdırılması İslamda bəzi dinlərdən fərqli olaraq (məsələn, donuz və ayı kimi heyvanların istifadəsinə icazə verilən dinlər), hər heyvanın ətini yeməyə icazə verilmir.
2. Kəsmə üsuluna dair dəqiq qaydaların müəyyən edilməsi. Heyvanların necə kəsilməsi ilə bağlı İslam əxlaqi və şəri cəhətdən çoxsaylı detalları ehtiva edən spesifik şərtlər qoymuşdur.
3. İfrat və təfritdən uzaq durmaq və israf etməməyə dair tövsiyələr. Heyvan ətinin istifadəsi ilə bağlı İslam mötədillik prinsipini əsas tutur.
Əslində, İslam bu əməli sadəcə şəri cəhətdən deyil, eyni zamanda əxlaqi çərçivəyə də salaraq onun üçün xüsusi ədəb və şərtlər müəyyən etmişdir. Bu da onu göstərir ki, İslam heyvanlardan istifadə məsələsinə nə qədər ölçülü və hikmətli bir baxışla yanaşır.
Qurban anlayışını əhatəli şəkildə dəyərləndirdikdə, görürük ki, qurban təkcə Həcc ibadətində vacib olan bir mərasim deyil.
Nəzir və andın kəffarəsi olaraq qurban vacib ola bilər.
Həccdə bəzi əməllər haram şəkildə yerinə yetirilərsə, onların kəffarəsi də qurbanlıq heyvan vermək olur.
Bundan başqa, müstəhəb (tövsiyə olunan) qurbanlara dair də İslam hüququnda xüsusi şərtlər qeyd olunur. Məsələn: Əqiqə (yeni doğulan uşaq üçün kəsilən qurban) bu mərasimdə toyuq və xoruz kifayət etmir, mütləq qoyun olmalıdır.
Qurban Bayramında edilən müstəhəb qurban, bu da bir çox fəqihə görə vacib qurban kimi müəyyən şərtlərə malikdir. Yəni ən azı qoyun, inək və ya dəvə olmalıdır. Əlbəttə, müstəhəb və qeyri-müəyyən qurbanlarda istənilən halal ətli heyvan istifadə edilə bilər. Lakin bəzən bu qurbanların özünəməxsus şərtləri və fəlsəfəsi olur ki, onlar da nəzərə alınmalıdır.
Rəyiniz